Ağcabədidə abadlıq işləri sürətləndirilir
Rayonumuzda abadlıq işləri yeni il qabağı daha da sürətləndirilib. 2022-ci ilin büdcə xərclərinə görə rayonun 10 əsas mərkəzi küçələrinə yenidən asfalt yolun çəkilməsi nəzərdə tutulub. 2 küçənin isə qum və çınqıl vasitəsilə örtülməsi də planlaşdırılır. Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda rayonun Şamil Cəmşidov, Qarabağ, Əli Muxtarov və digər küçələrində asfalt örtüyünün çəkilişləri demək olar ki, tam başa çatdırılmışdır. Qeyd edək ki, adları çəkilən küçələrdə asfaltlanma işlərinə başlamazdan əvvəl olduqca ciddi çətinliklər var idi. Belə ki, 2018-ci ildə içməli su üçün çəkilən su borularında yaranan problemlər bu yolları yararsız hala salmışdı. Ümumi uzunluğu 1400 metr, eni isə 6 metr olan bu küçə indi istifadə üçün tam yararlı vəziyyətə gətirilərək sakinlərin ixtiyarına verilib. Ümumikdə bu il üçün şəhərdaxili küçələrdə 24 850 kv-metr ərazinin asfalt örtüyü ilə bərpası nəzərdə tutulub. Bütün bunlarla yanaşı, rayonun Tofiq İsmayılov, Üzeyir Hacıbəyli küçələrinə qum və çınqıl döşənməsi işləri gedir. Əsas küçələrdən biri olan Xəlfərəddin küçəsinin də asfaltlanması nəzərdə tutulub.
Şəhər küçələrinin işıqlandırılması ilə bağlı hazırda Bakı Abadlıq İdarəsi də işlərə başlayıb. Belə ki, adıçəkilən idarə Ağcabədinin 56 km daxili küçələrini ən müasir “Filips” işıq-plafonları ilə təmin edilməsi istiqamətində addımlar atır. Yüksək keyfiyyətlə və sürətlə görülən işlərin sonunda bu küçələrin tez bir zamanda işıqlandırılma işlərinin də başa çatdırılması gözlənilir.