Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib

08 noyabr 2026 | 10:13
Ağcabədidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib
 
Noyabrın 7-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Qəhrəmanlar Parkında “Əbədi Məşəl” abidəsi önünə gül dəstələri düzüb, şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrini ehtiramla yad ediblər.
 
Tədbirdə RİH başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbiri Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində davam edib. Əvvəlcə Zəfər Gününə həsr olunmuş foto, rəsm, əl işləri və kitab sərgisinə baxış keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbənin xalqımızın milli birliyinin, həmrəyliyinin və qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb.
 
Tədbir Əhəd Təhməzov, Vətən müharibəsi iştirakçısı Suliddin Mirzəyev, Bəhruz Usubov, Reyhan Rəcəbova və gənc ifaçı Rəsul Məmmədovun ifaları, eləcə də rəqs qruplarının təqdimatında “Azərbaycan” süitası və “Xarıbülbül” kompozisiyası ilə davam edib.
Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
 
8 Noyabr – Zəfər Günü xalqımızın şanlı tarixinin, milli qürurunun və sarsılmaz birliyinin rəmzidir. Bu möhtəşəm Zəfər uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillərə örnək göstərilir.
 
Zəfərin mübarək, Azərbaycan!
Keçidlər