Ağcabədidə 8 noyabr - Zəfər Günü təntənə ilə qeyd olunub
09 noyabr 2023 | 10:10
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər oldu. Rəhbər, xalq, ordu birliyi , iqtisadi gücümüz, müasir ordu quruculuğumuz ölkəmizin qələbəsini təmin edən mühüm amillərə çevrildi. Və əlbəttə ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbə əbədiləşdirildi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.
Bu möhtəşəm qələbəmizdən artıq 3 il keçir. Bu il də respublikamızın hər yerində, eləcə də doğma Ağcabədidə Zəfər Günü xüsusi qeyd edilib.
Öncə Muğanlı kəndində Qəhrəmanlar Parkı, Hindarx qəsəbəsində isə Şəhidlər Xiyabanı ziyarət olunub. Ziyarətdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, media nümayəndələri iştirak ediblər. Ziyarətlər zamanı şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edən rayon rəhbəri iştirakçıları, şəhidlərin yaxınlarını Zəfər Günü münasibətilə təbrik edib.
Daha sonra rayon icra hakimiyyəti başçısının iştirakı ilə Xocavənd kəndi ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Zəfər Gününə həsr olunmuş tədbirlər günün ikinci yarısında da davam edib. Öncə ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Ziyarətçilər sonra torpaqlarımızın azad edilməsi uğurunda canından, qanından keçən vətən oğullarının uyuduğu Ağcabədi Qəhrəmanlar Parkında olub, şəhidlərin məzarları üzərinə qərənfillər düzərək onların xatirəsini ehtiramla yad ediblər.
Tədbirin keçirildiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da ümummilli liderin büstü ziyarət olunduqdan sonra Zəfər Gününə həsr olunmuş geniş bayram konsertinə start verilib. Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edib.
Konsert proqramında ifa olunan bir-birindən gözəl, rəngarəng mahnılar, rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb. Yerli musiqiçilərlərə yanaşı, tədbirin musiqili qonaqları Muğam müsabiqəsinin qalib və iştirakçıları Ramiq Bayramov, Xəyalə Qafarzadə və Gülzar Fərəcova olub. Sənətci, Şüşanə ləqəbli Elnarə Rzanın ifasında “Azərbaycan” və yerli müğənnilərin qrup şəklində səsləndirdiyi “Qarabağ Azərbaycandır!” adlı mahnılarının sədaları altında təşkil olunan atəşfəşanlıq tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, tədbir “Aran” qəzetinin nəzdindəki “Aran Ağcabədi” internet televiziyası vasitəsilə canlı yayımlanıb.