Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

06 oktyabr 2022 | 18:42

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

Ağcabədi Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Vətən müharibəsi zamanı şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad  olunub. Təbrik nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara can sağlığı, təhsil işlərində uğurlar arzulayıb. Sonra bir qrup müəllim Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.

Müəllimlər Gününə həsr olunmuş ümumrayon tədbirində çıxış edən  Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin direktor müavini Validə Nuriyeva, Ağcabədi Pedaqoji Kollecinin şöbə müdiri, hərbi hazırlıq müəllimi Fuad Rəhimov, Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin riyaziyat müəllimi Əsmər Mehtiyeva və Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti Sabir Məmmədov da müəllimlər günü, eyni zamanda yeni tədris ilinin başlanması ilə bağlı bütün müəllimləri təbrik edib, onlara pedaqoji fəaliyyətlərində nailiyyətlər arzulayıblar.

Ağcabədi şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının balaca fidanlarının səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb.

Sonda Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi tərəfindən də pedaqoji fəaliyyətində fərqlənən müəllimlər fəxri fərmanlar və digər qiymətli hədiyyələrlə təltif olunublar.

 

Keçidlər