Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 5 Oktyabr – “Beynəlxalq Müəllimlər Günü” adlı tədbir keçirilib

06 oktyabr 2023 | 15:31

Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr – “Beynəlxalq  Müəllimlər Günü” münasibətilə  müəllimlərlə  görüş keçirilib. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini  və şəhidlərimizin  məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüblər.

Yaqub Məmmədov adına  Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, Qarabağ Regional Təhsil İdarəsinin və təhsil sektorlarının əməkdaşları, müəllimlər və media qurumları iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə  açan Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil müəssisələrində dərs deyən müəllimləri və işə yeni qəbul olunan gənc müəllimləri ürəkdən təbrik edib. Regional təhsil idarələrinin yaradılmasını ölkəmizdə təhsilin tərəqqisi üçün yeni inkişaf modeli olduğunu vurğulayan  idarə müdiri  həmçinin qələbəmizdən də söz açıb, müəllimlərin  indiyə qədər  tarix dərsində şagirdlərə torpaqlarımızın işğalı  haqqında məlumat veribsə,  bu gündən sonra  həmin müəllimlərin  44 günlük Vətən müharibəsində, o cümlədən  antiterror tədbirlərində  erməni silahlı birləşmələrinə qarşı Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordumuzun qazandığı zəfərləri   tədris edəcəyini söyləyib.  Daha sonra  Suqovuşan, Talışkənddə tikilib istifadəyə verilən məktəb və körpələr evi, Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə  tikilən müasir tipli təhsil müəssisəsi barədə söz açan  Gündüz Əbilov   şagirdlərin istifadəsinə veriləcək  Şuşa şəhər 1 saylı  tam orta məktəbin açılışını  böyük səbirsizliklə gözlədiyini bildirib.  

Sonra təbrikə Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova qoşulub, müəllim kollektivini  təbrik edib, onlara peşə fəaliyyətində uğurlar diləyib.

Təbrik nitqlərindən sonra “ Təhsil Qarabağa qayıdır” başlıqlı videoçarx nümayiş olunub.

Yekunda Qarabağ Regional Təhsil İdarəsi tərəfindən pedoqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanları, Fəxri fərmanlar təqdim olunub, xatirə fotoları çəkilib.

Keçidlər