Ağcabədidə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş toplantı keçirilib.
05 mart 2026-cı il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Ağcabədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayonun idman ictimaiyyəti ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar və xatirəsini ehtiramla yad ediblər. Daha sonra keçirilən toplantıda Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüş zamanı Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin idmana cəlb olunmasının əhəmiyyətindən və bu sahədə görülən işlərdən danışıblar.
Daha sonra Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Səbuhi Möhsümov çıxış edərək Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı adından rayonun idman ictimaiyyətini 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmançı və məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, xüsusilə də regionlarda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda rayonda idmanın inkişafına töhfə verən bir qrup idmançı və məşqçi-müəllimlərə Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri diplomları təqdim olunub.






