Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

06 dekabr 2022 | 10:26

 

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin birgə əməkdaşlığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

 

      Tədbirdən öncə GTM Qarabağ ofisi tərəfindən 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə əlaqədar GTM Qarabağ ofisinin könüllüsü olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ağaqardaş İlham oğlu Abbasovun ailəsi ziyarət edilib.

 

     Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

    Tədbiri giriş sözü ilə açan Ağcabədi regional "ASAN xidmət" mərkəzinin rəhbəri Şamxal Həsənov könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb. Bildirib ki, Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.

 

      GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılıb Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib.  Qeyd edib ki, Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

 

    Digər çıxış edən GİKM Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, könüllü Pərvin İsmayılova, GTM Qarabağ ofisinin əməkaşı Elnur Qasımov, könüllü Fatimə Fərzəliyeva, Ağcabədi regional "ASAN xidmət" mərkəzinin əməkaşı Çinarə Ağayeva, könüllü Firəngiz Hüseynova çıxışlarında qeyd ediblər ki, könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün artmasında mühüm rol oynamaqla yanaşı, onlarda şəffaflığı, operativliyi, məsuliyyəti, ətrafda baş verən hadisələrə daha həssas yanaşmağı, gülərüz və səbrli olmağı öyrədib.

Sonra il ərzində aktiv fəaliyyətinə görə fərqlənən könüllülərə  təşəkkürnamələr təqdim edilib.

Keçidlər