Ağcabədidə 36 min tondan çox pambıq istehsal edilib
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə 2023-cü təsərrüfat ilində 36 min 246,9 ton məhsul istehsal edilib. Hər hektarın məhsuldarlığı 31,54 sentner təşkil edir. Bu göstəricilərlə Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıllar sırasındadır. Hazırda 2024-cü təsərrüfat ilinə hazırlaşan ağcabədili “ağ qızıl” ustaları bu il də yüksək məhsuldarlığa nail olmağı qarşıya məqsəd qoyublar.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Əlizamin Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il “Azərpambıq” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “P-Aqro” MMC ilə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib. Məhsul yığımı zamanı havanın uzunmüddətli yağışlı keçməsi müəyyən çətinliklər yaratsa da, rayon pambıqçıları yüksək nəticələrə nail olublar. Belə ki, Ağcabədi rayonu respublikada məhsuldarlığa görə üçüncü, məhsulun tonuna görə isə ikinci yerdə qərarlaşıb. Hazırda növbəti 2024-cü təsərrüfat ili üçün müqavilələrin bağlanması davam edir. Bu günə qədər rayonda 10 min hektara yaxın ərazidə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Bununla yanaşı, sahələrdə dondurma şumu aparılır, arat suyu verilir.