Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu
Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu
Ağcabədi rayonunda ” 3 Dekabr Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
“Qızıl saray” şadlıq evində keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, qazilər, fiziki məhdud şəxslər iştirak etdi .
Öncə foyedə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”
və Günərzi Qayğı Mərkəzinin şagirdlərinin hazırlamış olduğu əl işlərindən, rəsmlərdən ibarət sərgiyə baxış keçirildi.
“Beynəlxalq Əlillər Gününə” həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirin aparıcısı Pərvin Sakirqızı qonaqları salamladı və keçirilən bu günun önəmini vurğulayaraq fiziki məhdud şəxslərə qarşı yalnız bir gün yox, hər zaman diqqət göstərməli olduğumuzu qeyd etdi.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iş qabiliyyətini itirmiş insanların hər zaman ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunmaqlarından söz açdı. Respublikamızın bir sıra şəhərlərində fiziki məhdud şəxslərin reabilitasiya və bərpa mərkəzlərində müalicə alması, eyni zamanda əlil arabaları və minik avtomobilləri ilə təmin olunması haqqında tədbir iştirakçılarına məlumat verdi.
Ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan , dünya səviyyəli idman yarışlarında bayrağımızı dalğalandıran , himnimizi səsləndirən fiziki məhdudiyyətli idmançılarımızın heç də az olmadığını, diqqətə çatdırdı.
Sonra çıxış edən digər qonaqlar – Gənclər Üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova , I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyev , Günərzi Qayğı Mərkəzinin direktoru Gülər Cəfərova, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev öz ürək sözlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanmış maraqlı və rəngarəng konsert proqramı ilə davam etdi.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən fiziki məhdudiyyətli uşaqlara hədiyyələr təqdim olundu.