Ağcabədidə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
26 may 2026 | 19:20
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tariximizdə şəhərsalma və memarlıq: Heydər Əliyev ideyalarından müasir inkişafa doğru” mövzusunda elmi-praktik konfrans keçirilib.
“2026-cı il – Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbir iki hissədən ibarət olub.
Proqramın birinci hissəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Daha sonra Qəhrəmanlar Parkındakı “Əbədi Məşəl” abidəsi ziyarət olunub. Anım tədbirlərinin ardından Qarabağ Muğam Mərkəzinin qarşısında təşkil edilən rəsm, əl işləri və kitab sərgisinə baxış keçirilib.
Tədbirin ikinci hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Rəsmi açılışdan sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov “Müstəqillik illərində Ağcabədinin sosial-iqtisadi yüksəlişi və şəhərsalma strategiyasında yeni hədəflər” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib. “Aran yolu” qəzetinin baş redaktoru Məhsəti Ağayeva “Müstəqil Azərbaycanın quruculuq salnaməsinin mediada işıqlandırılması və memarlıq irsimizin təbliği”, Hacıbədəlli kənd sakini, II dərəcəli “Əmək” ordenli pambıqçı-fermer İsa Mürşüdov “Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin təməli: Ağcabədi pambıqçılarının dövlətçiliyimizə və tərəqqiyə töhfələri”, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Ucal Behbudov “Müzəffər Azərbaycan Ordusu – dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin sarsılmaz qalası”, Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli isə “Müasir şəhərsalma və memarlıq sahəsində peşə təhsilinin rolu: ixtisaslı kadr hazırlığı və yeni inkişaf hədəfləri” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarının təklifləri ümumiləşdirilərək konfransın yekunu elan olunub.






