Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “28 May – Müstəqilik günü” ilə əlaqədar tədbir keçirilib

26 may 2023 | 09:36

Mayın 25-də Ağcabədi rayon İcra Hakimiyyətinin, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində “28 May – Müstəqilik günü” ilə əlaqədar tədbir keçirilib. İlk öncə müstəqil Azərbaycan dövlətinin banisi olan ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilərək, büstü önünə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə və Vətən şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə açan Ağcabədi Pedoqoji Kollecinin müəllimi Fatimə Süleymanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat verib. Daha sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftaliyeva, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva və Ağcabədi Pedoqoji Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Rövşən Bayramov qeyd ediblər ki, 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan “Respublika Günü” olaraq təntənə ilə qeyd edir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Keçidlər