Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilib

25 sentyabr 2026 | 18:39
Ağcabədidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilib
 
Ağcabədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilmişdir.
 
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, hərbi qulluqçular, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Ordusunun tarixi Zəfərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
 
Konfransda çıxış edənlər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından, qazanılmış Zəfərin əhəmiyyətindən və dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan bəhs etmişlər.
 
Yekun çıxışında RİH başçısı Rafil Hüseynov 27 Sentyabr – Anım Gününün milli qürur və həmrəylik rəmzi olduğunu vurğulamış, tarixi Zəfərin şəhidlərimizin qanı və qazilərimizin şücaəti hesabına əldə edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Ağcabədi rayonunda şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların qayğı və problemlərinin həlli istiqamətində tədbirlər davam etdirilir.
 
Rayon rəhbəri Vətən müharibəsi günlərində ağcabədililərin göstərdiyi həmrəyliyi də xüsusi qeyd etmiş, təmas xəttinə yaxın ərazilərdən köçməyə məcbur olmuş 20 mindən çox sakinin Ağcabədi rayonunda qəbul edilərək zəruri yardım və sığınacaqla təmin olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və yaşadılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər