Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub

27 iyun 2022 | 12:36

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində “N” saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları və bir qrup hərbçilər ulu öndər Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzərək onun əziz xatirəsini yad ediblər.

“N” saylı hərbi hissədə davam edən mərasimə ilk öncə hərbi hissənin döyüş bayrağı gətirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar hərbi hissənin həyətində vətən şəhidlərinin xatirəsinə inşa edilən xatirə kompleksinə güllər düzərək onların müqəddəs ruhlarını ehtiramla anıblar. Əlamətdar bayram günü münasibətilə Azərbaycan respublikası Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubu hərbi hissənin şəxsi heyətinin diqqətinə çatdırılıb

Tədbirdə bir qrup əsgər və zabitlər, habelə müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular xidməti işində səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar və digər qiymətli hədiyyələrlə təltif olunublar.

Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi tərəfindən tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr verilib. Eyni zamanda hərbi hissə rəhbərliyi şəhid övladlarına hərbi hissənin fəxri fərmanlarını təqdim edib.
26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.

 

Keçidlər