Ağcabədidə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş sərgi təşkil edilib
17 iyun 2022-ci il tarixindən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş " Milli Ordumuz Qürur Mənbəyimizdir " adlı sərgi nümayişinə başlanılıb. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş ölkəmizdə ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar, dövri mətbuat materialları və Mərkəzin keçmiş kurs üzvlərinin müxtəlif texnikalardan hazırlanmış əl işləri nümayiş olunur.
Sərgidə həmçinin Ulu Öndərin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolu haqqında 50 - ə yaxın sərgi nümunəsi nümayiş etdirilir. Sərgi 28 iyun 2022-ci il tarixinədək nümayiş etdiriləcək.