Ağcabədidə 250-dən çox şagird məktəbli forması ilə təmin olundu
Formalar sahiblərinə təqdim edildikdən sonra rayon icra hakimiyyətinin binasında uşaqlar və valideynləri ilə görüşən icra başçısı Rafil Hüseynov yeni dərs ilinin başlaması münasibəti ilə şagirdləri təbrik edib. R. Hüseynov bildirib ki, ölkəmizdə təhsilin inkişafına dövlət dəstəyi və qayğısı hər zaman hiss olunur, məktəblilərin təhsil alması üçün onlara istənilən şərait yaradılır.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq olunur. İcra başçısı həmçinin keçirilən aksiyanın ümumilikdə 250-dən çox uşağı əhatə etdiyini bildirib.
Valideynlər bu xeyirxah təşəbbüsə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, uşaqlar öz sevinclərini ifadə edərək, şeirlər səsləndiriblər.
Qeyd edək ki, keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələr də fəal iştirak ediblər.