Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə “2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı”nın hazırlanması ilə bağlı tədbir keçirilib

09 iyul 2026 | 19:42

İyulun 8-də Ağcabədi Rayon İcra Hakimiyyətində “2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı”nın hazırlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verilən tapşırıqların icrası, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və hədəfləri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, istehsal və emal potensialının artırılması, investisiya imkanları və rayon üzrə hazırlanacaq İş Planının əsas istiqamətləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov bildirib ki, hazırlanacaq İş Planı rayonun kənd təsərrüfatı potensialının səmərəli reallaşdırılmasına, istehsal və emal sahələrinin inkişafına, yeni investisiyaların cəlb edilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət etməlidir. O qeyd edib ki, sənəd hazırlanarkən aidiyyəti dövlət qurumları və sahibkarlarla sıx əməkdaşlıq qurulmalı, 2025-ci ilin faktiki göstəriciləri və 2030-cu il üçün müəyyən olunan hədəflər əsaslandırılmış şəkildə əks etdirilməli, tədbirlər real, nəticəyönümlü və iqtisadi baxımdan səmərəli olmalıdır. Xüsusilə pambıqçılıq və taxılçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılması, perspektivli investisiya layihələrinin plana daxil edilməsi, torpaq konsolidasiyası zamanı müvafiq meyarların nəzərə alınması və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi diqqətə çatdırılıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək rayonun aqrar sahədə mövcud potensialı, istehsalın səmərəliliyinin artırılması, torpaq və su ehtiyatlarından rasional istifadə, müasir aqrotexniki yanaşmaların tətbiqi, fermerlərlə əməkdaşlığın genişləndirilməsi və qarşıdakı dövr üçün müəyyənləşdirilən inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Müzakirələr zamanı Ağcabədi Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Asəf Quliyev, Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov, Ağcabədi bələdiyyəsinin sədr müavini Qurban Babayev və digərləri çıxış edərək hazırlanacaq İş Planı ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Sonda aidiyyəti qurumlara İş Planının qısa müddətdə hazırlanaraq razılaşdırılması, tədbirlərin icrasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, rayonun kənd təsərrüfatı potensialının daha da inkişaf etdirilməsi, həmçinin inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına kitabların işlənməsi və məlumatların dəqiqləşdirilməsi işlərinin operativ şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Keçidlər