Ağcabədidə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olundu
20 yanvar 2025 | 18:00
Yanvarın 20-də Ağcabədi rayonunda “20 Yanvar – Milli Hüzn Günü”nə həsr olunmuş ümumrayon Anım tədbiri keçirilib. Ağcabədi Qəhrəmanlar Parkında keçirilən Anım mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, idarə, müəssisə təşkilatlarının kollektivləri, eləcə də Azərbaycan Ordusunun bir qrup əsgər və zabit heyəti iştirak ediblər.
Ağcabədi şəhəri Cümə məscidinin imamı Röya Balayev Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxuyub.
Xalqımızın tarixinə qara, eyni zamanda qızıl hərflərlə yazılan 20 Yanvar gecəsinin 35-ci ildönümünün işığına toplaşan insanlar müqəddəs Şəhidləri xiyabanında uyuyan Vətən qəhrəmanlarının məzarlarını ziyarət ediblər, önünə çiçəklər düzüblər.
Saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkə üzrə olduğu kimi Ağcabədidə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Torpaqlarımızın azadlığı, suverenliyi uğrundan canını fəda edən bütün şəhidlərimiz kimi 20 Yanvar şəhidlərinin də xatirəsi qədirbilən, vətənpərvər ağcabədililərin qəlbində daim yaşayacaqdır.