Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “2 iyul – Polislərin peşə bayramı” qeyd olundu

03 iyul 2024 | 09:42
Azərbaycan polisi – asayişimizin təminatçısı, Azərbaycan polisi – sakit cəmiyyət, Azərbaycan polisi – təhlükəsizliyimizin qarantı! Bu il özünün 106-cı illiyini qeyd edən Azərbaycan polisi bu 106 ildə olduqca şərəfli, məsuliyyətli, eyni zamanda cəsarətli bir yol keçib. Polissiz cəmiyyət, cəmiyyətsiz polis mümkün deyil!
“2 İyul – Polislərin peşə bayramı günü” respublikanın hər yerində olduğu kimi Ağcabədi şəhərində də qeyd olunub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon polis şöbəsinin rəisi, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri, şöbənin polislərdən ibarət şəxsi heyəti, hərbi hissə komandirləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət fəalları iştirak ediblər.
Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov mərasimdə iştirak edən şəxsi heyəti salamlayaraq, polis əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Bundan sonra Ulu öndər Heydər Əliyevin abidəsi ehtiramla ziyarət olunub, heykəlin önünə gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçıları tərəfindən Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Mərkəzin direktor səlahiyyətlərini icra edən, Vətən müharibəsi iştirakçısı Ruhun Hüseynov böyük siyasətçinin həyatı və yorulmaz fəaliyyətini əks etdirən lövhələr haqqında ziyarətçilərə ətraflı məlumat verib.
Ağcabədi Rayon İcra Hakimiyyətində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon Polis şöbəsinin rəisi Knayz Həsənov Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu polis əməkdaşlarının diqqətinə çatdırıb.
Məruzə ilə çıxış edən Ağcabədi Rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Tural Məlikov qeyd edib ki, bu gün Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun qorunması üzrə dəqiq təşkil edilmiş sistemli və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Azərbaycan polisi dövlətini, dövlətçiliyini inamla qoruyur.
Çıxış edənlər – Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, Üzeyir Haclbəyov adına Ağcabədi şəhər 7 saylı tam orta məktəbinin direktoru Polad Musayev, eləcə də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan polisinin ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, habelə Vətən qarşısındakı müstəsna xidmətlərindən soz açıblar. Natiqlər qeyd ediblər ki, istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan polisi xidməti işləri ilə yanaşı, torpaqlarımızın azadlığı uğurda tərəddüd etmədən döyüş meydanlarına atılıblar, son anda ölümün gözlərinə dik baxaraq şəhidlik zirvəsinə də ucalıblar. Hazırda isə işğaldan azad edilmiş dədə-baba Qarabağ torpaqlarımızda Azərbaycan polisi ayıq-sayıq öz xidmətini davam etdirməkdədir.
Bundan sonra xidməti işlərində fəal olan bir qrup polis əməkdaşı Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar, eləcə də keçmiş polis əməkdaşlarına, polis veteranlarına hədiyyələr təqdim olunub. Həmiçinin Ağcabədi Rayon Polis şöbəsinin rəisi Knyaz Həsənov Azərbaycan Respublikası Vətən Müharibəsi İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin Fəxri Fərmanı ilə təltif olunub.
Keçidlər