Ağcabədidə “2 Fevral – Gənclər Günü” qeyd olundu
02 fevral 2025 | 09:30
Fevralın 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında Ağcabədi Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman idarəsinin Ağcabədi rayon üzrə Gənclər və İdman sektoru və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Toğrul Bünyatov, Vüsalə Məmmədova, həmçinin rayonun ictimai-mədəni həyatında fəal olan gənclər, qazilər, idmançılar, könüllülər, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çalışan gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin adibəsini ziyarət edərək önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla xatırlayıblar.
Tədbirin moderatoru, Qarabağ Regional Gənclər və İdman idarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rüfət Quliyev toplantını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclərin hamisi olmuş Ulu öndər Heydər Əliyevin, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məruzə ilə çıxış edən Rüfət Quliyev qeyd edib ki, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümididir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, işıqlı ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Bu baxımdan Azərbaycan gəncliyi hazırda sağlam və ümidverici istqamətdə inkişaf edərək dünya gənclərinə əsl örnəkdir. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Ali Baş Komandanımızın təbirincə desək: müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər – deyə natiq vurğulayıb.
Ağcabədi Regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin ingilis dili müəllimi Turan Balakişiyeva, Taekvando idman növü üzrə Avropa birincisi Çingiz Həsənov, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Adəm İbixanov və YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov məruzə ətrafında çıxış edərək vurğulayıblar ki, müasir Azərbaycan gəncləri Vətənimizin nurlu gələcəyidir. Hazırda mübariz, elmli, təhsilli, geniş dünyagörüşə sahib olan gənclər bizim cəmiyyətin aparıcı təbəqəsidir.
Sonda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov “2 Fevral – Gənclər Günü” münasibətilə tədbirdə iştirak edən gənclərin simasında Azərbaycan gənclərini təbrik edib, onlara can sağlığı, Vətənimiz Azərbaycanın çiçəklənməsi, daha da güclənməsi naminə atacaqları hər bir addımda uğurlar arzu edib.
Əlamətdar gün münasibətilə keçirilən ümumrayon tədbirində rayonun ictimai həyatında fəal olan bir qrup gənc Ağcabədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunublar.