Ağcabədidə “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilmişdir
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağcabədi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdən öncə GTM Qarabağ ofisinin əməkdaş və könüllüləri Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Şirnalı Talıbovun ailəsini ziyarət ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıb, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral Gənclər Günü” münasibətilə təbrik etmişdir.
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.
Tədbirdə Ağcabədi regional “ASAN xidmət “ mərkəzinin direktor müavini Şamxal Həsənov, əməkdaşı Pərviz Səmədov, Ağcabədi Regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Məmmədov, GTM Qarabağ ofisinin əməkdaşı Elnur Qasımov, GİKM Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova, Ağcabədi Pedaqoji kollecinin tələbəsi Türkanə Musayeva və başqaları gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına, könüllüyə, gənc qazi və idmançıya Fəxri Fərmanlar, Diplom və Təşəkkürnamələr təqdim edilmişdir.