Ağcabədidə 15 may - Beynəlxalq Ailə Günü bayramı keçirilib.
15 may - Beynəlxalq Ailə Günü münasibətilə Ağcabədi regional “ASAN xidmət” mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Ailə günü” bayramı keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi və Ağcabədi regional “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uzunömürlü ailələr, rəsmi qonaqlar, ziyalılar, gənclər, media mənsubları iştirak ediblər.
Bayram tədbiri yeni ailə quran iki cütlüyün nikah mərasimi ilə başlayıb. Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova gəncləri təbrik edib, onlara hədiyyələr təqdim olunub.
Sonra ailələrin hazırladıqları əl işlərindənvə kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən GTM Qarabağ regional ofisi Radə Qafarova ailə dəyərlərinin önəmini vurğulayıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir. Bu gün Azərbaycan ailəsində böyüyən övladlar əsl vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirilir. 30 illik işğala son qoyaraq 44 gün ərzində canı-qanı bahasına torpaqları azad edən Azərbaycan ailəsinin övladları idi. Şanlı Vətən müharibəsində əldə edilən Zəfəri məhz şəhidlərimizə, qazilərimizə və onları yetişdirən ailələrə borcluyuq.
ARİH başçısının mavini Vüsalə Məmmədova ölkəmizdə müstəqillik illərində formalaşan dövlət-ailə siyasətinin əsas prinsiplərinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinin də ailə siyasəti təşkil etdiyini, dövlət-ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi tədbirlər keçirildiyini qeyd edib.
Daha sonra Ağcabədi rayon Ağsaqqallar şurasının sədri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, şəhid Xəyal Həziyevin anası Məlahət Həziyeva,Ağcabədi regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin baş məsləhətçisi Lalə Quliyeva, ADPU Ağcabədi filialının Pedaqoika, psixologiya və onların tədrisi texnlogiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli Beynəlxalq Ailə Gününün planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki, bu gün bütün dünyada boşanmaların sayı çoxalıb. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Tədbirdə iştirak edən 50 ilə yaxın birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsilən cütlüyə xeyir-dua verərək dəyərli məsləhətlərini və tövsiyyilərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib. Sonda ailələrin övladları ilə asudə vaxtının səmərəli təşkili üçün maraqlı fəaliyyətlər təşkil edilib.