Ağcabədidə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi
08 iyun 2022-ci il tarixdə 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qurtuluş salnaməsi” adlı tədbir keçirildi.
Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin, M.Aranlı adına 11 saylı tam orta məktəbin, Ağcabədi Pedoqoji Kollecinin, Ağcabədi Asan Xidmət Mərkəzinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin, Aran qəzetinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Sonra tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Daha sonra Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları Rahilə Şükürova və Əli Əhmədov, Ağcabədi Asan Xidmət Mərkəzinin Könüllülər üzrə məsul şəxsi Pərviz Səmədov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin könüllüsü İxtiyar Məmmədova çıxışlarında qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun atdığı hər addım məhz buna yönəlmişdi . Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Tədbirin sonunda xatirə şəkili çəkdirildi.