Ağcabədidə 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirildi
11 noyabr 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində GİKM-in
Ağcabədi nümayəndəliyinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan mərkəzin
direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bu günün mahiyyətindən ətraflı
məlumat verərək bildirdi ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil
Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-
ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi,
SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı.
Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın
qəbul edilməsinin lehinə səs verdi. Sevindirici haldır ki, xalqımız Əsas Qanunun
qəbulunun 27-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin
qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın
ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın
müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan
azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Konstitusiya
Məhkəməsi bu tarixi Qələbədən ruhlanaraq ərazi bütövlüyü bərpa olunmuş
Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi prosesinə bundan sonra da qəbul
etdiyi qərarlarla töhfə verməkdə davam edəcək. Sonda gənclərlə birlikdə Dahi Liderin
həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı filim izlənildi.