Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yaradıcılıq festivalı keçirilib.

01 iyun 2026 | 17:25
İyunun 1-də Ağcabədi şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcəyin qurucuları və memarları” adlı yaradıcılıq festivalı keçirilib.
 
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan festival rayon sakinlərinə və uşaqlara əsl bayram ab-havası yaşadıb. Bayramsayağı bəzədilmiş parkda uşaqların asudə vaxtının səmərəli təşkili, bacarıq və istedadlarının nümayiş etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Parkın müxtəlif guşələrində azyaşlıların əl işlərindən ibarət sərgilər, idman və əyləncə zonaları təşkil olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və tədbirin rəsmi qonaqları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər gül dəstələri düzüblər. Daha sonra onlar rəsm, idman və əyləncəli oyun guşələri ilə tanış olub, uşaqların hazırladıqları nümunələrə baxıblar.
 
Tədbirin rəsmi hissəsində Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Nərmin Quliyeva və Heydər Məmmədov qonaqları salamlayaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi əhəmiyyətindən danışıblar. Çıxışlarda bildirilib ki, bu əlamətdar gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da hər il böyük təntənə ilə qeyd olunur.
Daha sonra Ağcabədi Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yaradıcılıq festivalı açıq elan olunub.
 
Festivalda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov uşaqları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. Rayon rəhbəri həmçinin YAŞAT Fondu tərəfindən Ağcabədi rayonundan olan şəhid övladlarına göndərilmiş bayram hədiyyələrini təqdim edib.
 
Tədbirdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun müdiri Teymur Qasımov da uşaqları təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb.
 
Festival uşaqların təqdimatında səsləndirilən mahnılar, rəqs nömrələri və müxtəlif bədii çıxışlarla davam edib. Rəngarəng proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və uşaqlara unudulmaz bayram sevinci yaşadıb.
Keçidlər