Ağcabədi şəhər icra nümayəndəliyinin hesabat yığıncağı keçirilib
31 yanvar 2023-cü il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ildə gördüyü işlərin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
ARAN xəbər verir ki, Y.Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhər sakinləri, fermerlər iştirak edib.
Yığıncaq açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və torpalarımızın azadlığı uğrundə canını fəda edən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yığıncağın sədr və katibi seçildikdən sonra məruzə ilə çıxış edən RİH başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Yola saldığımız illər bir birindən daha yadda qalan olur, çünki Azərbaycan xalqının sevimli oğlu, xilaskarı, ulu öndər Heydər Əliyevin parlaq ideyalarını, siyasi konsepsiyalarını ləyaqətlə, uğurla həyata keçirən, onun siyasi varisi İlham Əliyev cənablarının rəhbərliyi altında işləmək bizləri daha əzmlə, böyük ruh yüksəkliyi ilə işləməyə ruhlandırır. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Vətən müharibəsində qazanılan Zəfərimizdən də danışan icra nümayəndəsi qeyd edib ki, sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində 27 sentyabr 2020-ci il böyük Zəfərin başlanğıc günü kimi yaddaşlarda qaldı. Azərbaycan xalqı igid qəhrəman oğulları sayəsində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Öz işini “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin 5-ci maddəsinin tələb və göstərişləri əsasında quraraq üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdığını qeyd edən məruzəçi 2022-ci ildə şəhər ərazisində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, ötən il ərzində Dövlət Satınalmaları haqqında qanuna uyğun olaraq Ağcabədi KXMİİ tərəfindən “Mənzil fondunun əsaslı təmir işlərinin” satın alınması predmeti üzrə açıq tender keçrilmişdir. Tenderin qalibi ilə müqavilə bağlanaraq mənzil fondunun əsaslı təmir işləri həyata keçirilmişdir. Təmir işləri Ağcabədi şəhəri Heydər Əliyev prospektində yerləşən 118 saylı 3 mərtəbəli 12 mənzilli, 355 saylı 2 mərtəbəli 16 mənzilli, 120 saylı 2 mərtəbəli 16 mənzilli, 168 saylı 2 mərtəbəli 8 mənzilli, 357 saylı 2 mərtəbəli 16 mənzilli, 174 saylı 2 mərtəbəli 16 mənzilli, 122 saylı 3 mərtəbəli 24 mənzilli, 77 saylı 2 mərtəbəli 16 mənzilli, 37 saylı 3 mərtəbəli 24 mənzilli, 15saylı 2 mərtəbəli 16 mənzilli, Namiq Abdullayev küçəsində yerləşən 2 saylı 2 mərtəbəli 16 mənzilli, İ.Qayıbov küçəsində yerləşən 17 saylı 2 mərtəbəli 16 mənzilli, 16 saylı 2 mərtəbəli 16 mənzilli, 9 saylı 2 mərtəbəli 16 mənzilli, 3 saylı 2 mərtəbəli 16 mənzilli,1 saylı 2 mərtəbəli 16 mənzilli, 25 saylı 2 mərtəbəli 16 mənzilli, S.Vurgun küçəsində yerləşən103 saylı 2 mərtəbəli 16 mənzilli, 166 saylı 2 mərtəbəli 16 mənzilli, yaşayış binalarında aparılmışdır.
Şəhərdaxili küçə yollarına asfalt örtüyünün çəkilməsi ilə bağlı məlumat verilərkən bildirilib ki, şəhərin Şamil Cəmşidov, Qarabağ, Soltanbəy, C.Cabbarlı, M. Mütəlimov, Xəlfərəddin, Ə.Bünyadov, Ə. Muxtarov, T.İsmayılov, küçələrində asfalt yolun salınması işləri başa çatdırılmışdır. N.Nərimanov küçəsində bu işlər davam etdirilir. Ü.Hacıbəyli, N. Abdullayev küçələrinə əlavə olaraq çınqıl örtüklü yol salınmışdır. Ağcabədi şəhərdaxili mərkəzi küçələrdə 500 m2 asfalt yol örtüyü, çala təmir edilmişdir. Şəhərimizin küçələrinə ümumilikdə 4330 m olmaqla 24850 m2 asfalt, 1100m olmaqla 7100 m2 çınqıl örtüklü yol salınması artıq yekunlaşmaq üzrədir.
2022-ci ildə şəhər küçələrinin işıqlandırılması ilə bağlı problemlərin də aradan qaldırılmasına başlandığını qeyd edən natiq məlumat verib ki, “Bakı Abadlıq” idarəsi ümumi uzunluğu 56 km olan səhərimizin daxili küçələrini ən müasir “Philips” firmasının işıq plafonları ilə təmin edəcəkdir. 44 günlük vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin adları verilmiş 7 küçə, ötən ilin sentyabr ayında şəhid olmuş döyüşçümüzün yaşamış olduğu Qarabağ küçəsi, 2 şəhid ailəsinin yaşadığı C.Cabbarlı küçəsi də “Philips” firmasının müasir işıq plafonları ilə təmin ediləcəkdir. Hal-hazırda 5 şəhid adı verilmiş küçələrdə qazma işləri aparılmış, plastik boru xətləri salınaraq üstü örtülmüşdür. Bu istiqamətdə işlər davam etdirilir.
Məruzədə ümumilikdə şəhər ərazisində həyata keçirilən bütün tədbirlər, görülən işlər təhlil olunmuş, mövcud problemlər diqqətə çatdırılmışdır.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mehman Novruzovun inzibati ərazi dairəsi üzrə 2022-ci ildə vətəndaş mürciətlərinin ümumi icra vəziyyəti, təsərrüfatbaşına uçotunun aparılması və elektron sistemə işlənilməsi barədə hesabatı dinlənilib. M. Novruzov ötən il ərzində nümayəndəlik aparatında vətəndaşların müraciətlərinə baxılması, sənədlərlə aparılan işlər, sakinlərin qəbulunun təşkili ilə bağlı məlumat verib, statistik göstəriciləri açıqlayıb.
Məruzə ətrafında Ağcabədi bələdiyyəsinin sədr müavini Şəmməd Şəmmədov, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərov, Ağcabədi Sukanal Sahəsinin rəisi Nizami Əsədov və digərləri çıxış ediblər.
Şəhər sakinləri Nüşabə Quliyeva, Famil Quliyev söz alaraq, Ağcabədi şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı öz fikirlərini söyləyib, təkliflərini səsləndiriblər.
Yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib.
Yığıncaqda səslənən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla, müvafiq qərar qəbul olunub.