Ağcabədi şəhər 3 saylı məktəb-liseyində və 4 saylı tam orta məktəbində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Ağcabədi 1 saylı Mediasiya təşkilatının, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin , “Aran” qəzetinin dəstəyi və iştirakı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində rayonun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda keçirilən maarifləndirmə tədbirləri növbəti dəfə aprelin 18-də Ağcabədi şəhər 3 saylı məktəb-liseyində və 4 saylı tam orta məktəbdə keçirilib. Görüşlərdə məktəblərin rəhbərliyi, psixoloqları, uşaq birliklərinin rəhbərləri və VIII-XI sinif şagirdləri iştirak ediblər.
Öncə 3 saylı məktəb liseydə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva geniş çıxış edib.
Sonra “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Familə Məmmədova şagirdlərlə xüsusi söhbət aparıb, erkən nikaha cəlb edilən qızların sağlamlığına vurulan ziyandan, bu evliliyin onlarda yarada biləcəyi xəstəliklərdən, o cümlədən gözlənilən bir çox problemlərdən söz açıb.Sonra “Aran” qəzetinin redaktoru Məhsəti Musa, Ağcabədi 1 saylı Mediasiya təşkilatının mediatoru, vəkil Aygün Kərimova, məktəbin direktoru Mətanət Quliyeva mövzu ətrafında geniş və əhatəli çıxış edərək qızları təhsil almağa, yaxud hansısa peşəyə yiyələnməyə çağırıb, onların hüquqlarının dövlət tərəfindən qorunduğunu bildirərək qarşılaşdıqları hər hansı bir zorakılıq, təhsildən yayındırma, erkən evliliyə təhrik edilmə kimi hallarda çıxılmazlıq ucbatından yanlış addımlar atmamağa, məhz məktəb rəhbərliyinə, məktəb psixoloquna, Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət edərək köməklik istəyə biləcəklərini bildiriblər.
Növbəti tədbir 4 saylı tam orta məktəbdə keçirilib. Burada ümumi maarifləndirmə çıxışları ilə yanaşı, şagirdlərlə diskussiya şəklində aparılan söhbət zamanı yaranan bir çox suallar cavablandırılıb, şagirdlərin fikirləri öyrənilib. Şagirdlərin fəallığı, uşaq və yeniyetmələrin hüquqları ilə bağlı bilgiləri, erkən nikaha məcbur edən şəxslərlə bağlı cəzanın əslində daha da sərtləşdirilməli olması ilə bağlı təklifləri qonaqlar tərəfindən də xüsusi dəyərləndirilib, onların dünyagörüşünün geniş olması, öz fikirlərini sərbəst, çəkinmədən ifadə etməsi sevindirici hal kimi qeyd olunub.