Ağcabədi şəhər 1 saylı tam orta məktəbində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində rayonun ümumtəhsil məktəblərində “Uşaq və yeniyetmələrin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbirləri davam edir. Aprelin 17-də növbəti tədbir Ağcabədi şəhər 1 saylı tam orta məktəbində keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, VIII-XI sinif şagirdləri iştirak ediblər.
Öncə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova geniş çıxış edib. O, erkən nikahlar, zərərli vərdişlər, qohum evlilikləri və digər vacib məsələlərlə bağlı problemlərə toxunub, bunların qarşısının alınması üçün görülən işlərdən söz açıb.
Sonra Ağcabədi 1 saylı Mediasiya təşkilatının mediatoru, vəkil Aygün Kərimova, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin həkimi İradə Məmmədova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, təşkilatçı Nuridə Hacıyeva, Məktəbin direktoru Samirə Nəsirova çıxış ediblər. Çıxışlar zamanı şagirdlərə onların hüquq və vəzifələri haqda ətraflı məlumat verilib,o cümlədən erkən nikahların fəsadları, onun vurduğu psixoloji, fiziki, mənəvi zərbələr geniş şəkildə izah olunub, yeniyetmələrimizin təhsilə, həmçinin müəyyən peşələrə yiyələnməsi üçün çağırışlar edilib. Gələcəyimizin əmin əllərdə olması naminə birgə çalışmaq, cəmiyyətimizin inkişafına maneə törədən bu kimi hallara qarşı birlikdə mübarizə aparmaq, bunun üçün isə oxumaq, təhsildən yayınmamaq tövsiyə olunub.