Ağcabədi RİH-də əlaqələndirmə komitəsinin iclası keçirilib
Fevralın 24-də Ağcabədi rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin iclası keçirilib. Toplantıda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, şöbəsinin aparıcı məsləhətçisi, iclasın katibi İsa Süleymanlı, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Ağcabədi Xidmət şöbəsinin müdiri Rauf Daşqınov, Ağcabədi rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini Tural Məlikov, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunu müdiri Teymur Qasımov, Ağcabədi regional "ASAN xidmət" mərkəzinin direktor muavini Şamxal Həsənov, Ağcabədi rayon Mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Abdullayev, Dövlət Sosial Müdafiə Fondunun Regionlarla İş üzrə Mərkəzi Filialının Ağcabədi rayonu üzrə Qəbul şöbəsinin müdiri Emin Əsədov, Ağcabədi Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Asəf Quliyev, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinin rəisi Səfər Səfərov, Dövlət İdarələri və İctimai xidmət işçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon Komitəsinin sədri Mehdi Əhmədov, Rayon Statistika idarəsinin rəisi Elsevər İsmayılov. 8 Saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Anar Əbilov iştirak ediblər.
Toplantıda iclasın gündəliyində duran Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin tədbirlər planı üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Komitənin sədri, rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, iclasın sədri Toğrul Bünyatov İşəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş işlərin təşkil olunmasının vacibliyindən danışıb.
Toğrul Bünyatov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”na müvafiq olaraq nəzarəti həyata keçirən orqanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olduğunu qeyd edib.
Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidməti şöbəsinin müdiri Rauf Məmmədov çıxışında qeyri-leqal məşğulluğun qarşısının alınması istiqamətində mütamadi olaraq idarənin sosial tərəfdaşlarla iş şöbəsinin aidiyyəti əməkdaşları tərəfindən işəgötürənlərlə maarifləndirici xarakterli görüşlər keçirildiyini bildirib.
Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə Komitəsinin üzvü polis polkovnik-leytenantı Tural Məlikov qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi bağlanılması hallarında pozuntular olduğunu, müqaviləsiz işçi işlədən işəgötürənlərə qarşı inzibati qaydada müvafiq tədbir görülməsi üçün monitorinqlərin keçirilməsinə zəruri ehtiyac vardır.
DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri Emin Əsədov isə qeyri-formal məşğulluğun qarşısının alınması ilk növbədə gələcəkdə insanların pensiya hüquqlarının müdafiəsi, ölkə üzrə müəyyən edilmiş sığorta kapitalın yığılmasında olan əhəmiyyətindən danışıb. Gələcəkdə əmək müqaviləsi bağlanmış işçilərin əmək pensiyası almaq hüquqlarının yaranması və sığorta kapitalının yığılmasının vacibliyi istiqamətində əhali arasında maarifləndirmə işlərinin aparılmasının daha da genişləndirilməsini də vurğulayıb.
Sonda Komitənin sədri Toğrul Bünyatov və iclasın katibi İsa Süleymanlının qərarına əsasən qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin tədbirlər planı üzrə görülmüş işlər qənaətbəxş hesab edilib. Komissiyaya tapşırılıb ki, bu sahədə görüləcək işlərlə əlaqədar fəaliyyətlərini artıraraq növbəti iclasadək reydlər təşkil edərək işəgötürənlərin maariflənməsini təmin etsinlər.