Ağcabədi rayonunun Hacılar kəndində səyyar qəbul
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iyun 14-də növbəti səyyar qəbulunu Hacılar kəndinin sakinləri ilə keçirdi.Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin, kənd sakinlərinin və media nümayəndələrinin iştirak etdiyi qəbulda çıxış edən R.Hüseynov vurğuladı ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edən məsələlərin həllinə nail olmaqdan ibarətdir. Bu, təkcə ölkə rəhbərliyi tərəfindən verilən tapşırığın həyata keçirilməsi deyil, eyni zamanda ölkədə aparılan sosial siyasətin tələblərinin yerinə yetirilməsi deməkdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən də danışan icra başçısı onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Hazırda azad edilən doğma torpaqlarda minatəmizləmə işləri ilə yanaşı, böyük layihələr də icra edilir, şəhər və kəndlərdə sürətli tikinti və abadlıq işləri aparılır. İcra başçısı onu da diqqətə çatdırdı ki, Vətən müharibəsi dövründə Hacılar kəndi də düşmən atəşinə məruz qalırdı. Düşmənin atdığı mərmilər nəticəsində kənd sakinlərinin evlərinin dağılmasına baxmayaraq, onlar kəndi tərk etmədilər. Əksinə, sakinlər yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdirdilər. Qəbulda sakinlərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər səsləndirildi.Kənd sakinləri – Nazim Sadıqov kənddə istifadə müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasının vacibliyindən, elektrik enerjisinin verilməsində yaranan fasilələrdən, Sitarə Rüstəmova kəndin qazlaşdırılmasına ehtiyac olmağından, Ceyhun Abbasov içməli suyun çatışmazlığından və digər yaranmış çətinliklərindən söz açdılar.Sakinləri diqqətlə dinləyən rayon rəhbəri kənddə mövcud olan həlli mümkün problem və çətinliklərin aradan qaldırılması üçün əlaqədar qurumlara məsləhət və tövsiyələrini verdi.