Ağcabədi rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir
15 sentyabr 2026 | 17:42
Ağcabədi rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində işlər davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müvafiq qərargah üzvləri rayonda bir sıra istehsal və emal müəssisələrində olmuşlar.
Səfər çərçivəsində rayonun kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, istehsal və emal imkanları, suvarma infrastrukturu və təsərrüfatların fəaliyyəti ilə tanışlıq keçirilmişdir.
Rayonda suvarma infrastrukturunun genişləndirilməsi istiqamətində “Azərşəkər” MMC tərəfindən müasir pivot suvarma sistemləri qurularaq istifadəyə verilmiş, əlavə pivotların quraşdırılması üçün layihələndirmə işlərinə başlanılmışdır. Dənli bitki toxumlarının saxlanılması üçün müasir anbar kompleksləri də tikilərək istifadəyə verilmişdir.
“Ağcabədi taxıl” Aqropark tərəfindən xurma, şaftalı, nektarin, heyva, badam və ərik bağları salınmış, yeni badam bağlarının salınması üçün tinglər sifariş edilmişdir. Həmçinin suvarma sistemlərinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə yastı damlama şlanqı istehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Kənd təsərrüfatı istehsalında müasir texnologiyaların tətbiqi məqsədilə yerli təsərrüfatlar tərəfindən yeni şum və becərmə traktorları alınmışdır.
Rayonda cins heyvandarlığın inkişafı istiqamətində də işlər görülür. Anqus cinsli iri buynuzlu ətlik mal-qara gətirilərək saxlanılmasına başlanılmış və bala alınmışdır. Cins qoyunlar alınmış, “Qaradolaq” MMC və digər təsərrüfatlar tərəfindən heyvanların saxlanılması üçün tövlələr, dalan və ahullar tikilərək istifadəyə verilmişdir.
Rayonda həyata keçirilən layihələr kənd təsərrüfatı istehsalının artırılmasına, müasir texnologiyaların tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə və aqrar sahənin inkişafına xidmət edir.






