Ağcabədi rayonunda 2026-cı il barama təhvilvermə mövsümünə start verilib
10 iyun 2026 | 18:28
10 iyun 2026-cı il tarixində Ağcabədi rayonunda yaş barama tədarükünə start verilib.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində təşkil olunan təhvilvermə prosesində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və əməkdaşları, eləcə də kümçülər iştirak ediblər.
Tədbir zamanı rayon rəhbəri təhvilvermə prosesini izləyib, kümçülərlə görüşərək onların fəaliyyəti ilə maraqlanıb, tövsiyələrini verib və fikir mübadiləsi aparıb.
Məlumat verilib ki, ötən il Ağcabədi rayonunda kümçülərə 455 qutu ipəkqurdu toxumu paylanıldığı halda, cari ildə bu göstərici 480 qutuya çatdırılıb. Hazırda rayon üzrə 129 kümçü baramaçılıqla məşğul olur.
“Azərİpək” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən təhvil prosesinin ilk günündə rayonun Hindarx qəsəbəsi, Hacılar və Boyat kəndlərindən olan kümçülərdən ümumilikdə 249 kiloqram yaş barama qəbul edilib.
Qeyd edək ki, növbəti günlərdə rayonun digər yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülər tərəfindən də yetişdirilmiş məhsulun təhvil verilməsi davam etdiriləcək.






