Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbul-görüşü Gələbədin kəndində keçirilib
Fevralın 22-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar görüşünü rayonun Gələbədin kəndində keçirib. Şəhid Rəhbər Abbasovun adını daşıyan Gələbədin kənd tam orta məktəbində keçirilən qəbulda hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri,ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və mətbuat nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2023-cü il tarixdə Almaniyanın Münhen şəhərinə səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, verdiyi açıqlamaların olduqca böyük siyasi əhəmiyyətə malik olduğunu bildirib. Məlum fikir və açıqlamalar dövlətimizin və xalqımızın maraqlarına tam cavab verərək, müxtəlif məsələlərlə əlaqədar dövlətimizin mövqeyinin açıq və qətiyyətli ifadəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı ölkəmizin Qarabağla bağlı haqlı mövqeyinin, Vətən müharibəsindən sonra yaranmış reallıqların bütün dünyaya, xüsusilə Ermənistana bariz diqtəsi idi.
Çıxış zamanı Vətən müharibəsində əldə olunan qələbədən, işğaldan azad olunmuş ərazilərdə, eyni zamanda rayonda həyata keçirilən ifrastruktur layihələr, qısa müddət ərzində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən rayon rəhbəri bütün bunlarla yanaşı rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların daim dövlət strukturlarının diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində müvafiq addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq hazırda kənd təsərrüfatı sahəsinə, xüsusən pambıq məhsullarının istehsalına önəm verildiyini və bu sahənin daha mənfəətli olduğunu vurğulayıb.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı onların suallarına ətraflı cavab verib.
Kənd sakinlərindən İman Əsədov Vətən müharibəsi iştirakçısı olan övladının işlə təmin olunması, ünvanlı sosial yardım ayrılmasını, Həbib Alıyev içməli su probleminin olduğunu, Şahin Məmmədov isə kənddə yaşadıqları ərazidə işıqlanmada çətinliklərin yaranması ilə bağlı lazımi köməkliyin göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda qaldırılan məsələlərlə əlaqədar yerində araşdırma aparılması və həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar və lazımi tövsiyələr verilib.