Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Xəzər Bayramovun anım mərasimində iştirak edib
Oktyabrın 3-də Qaravəlli kəndində şəhid Xəzər Bayramovun anım mərasimi keçirilib.
Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrinin üzvləri, ziyalılar iştirak etdilər.
İcra başçısı Rafil Hüseynov Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin əsl qəhrəmanlıq göstərdiklərini, bununla da ordumuzun gücünü bütün dünyaya göstərdiklərini bildirdi. Sonra qəhrəman vətən oğlunun ruhuna dualar oxundu.
Bildiririk ki, Xəzər Bayramov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq tank heyətində xidmət edib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük müharibədə tuşlayıcı-atıcı olaraq xidmət edib. Oktyabrın 2-də Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə igidlik göstərərək şəhadətə ucalıb.
Xəzər Bayramov ölümündən sonra ölkə rəhbəri cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.