Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Xəyal Həziyevin anım mərasimində iştirak edib
Azadlığı al-qan ilə biz dağlara yazdıq,
Hürrün səsini ellərə, oymaqlara yazdıq.
Min-min şəhidin ruhu gəzir göyləri burda,
Ölməz Vətənin taleyini sağlara yazdıq.
Biz öz kökümüz üstə bitib şaxələnərkən,
Üçrəng gözəlin ismini bayraqlara yazdıq!
Üçrəng gözəlin ismini bayraqlara yazan, Vətən müharibəsində gözünü qırpmadan özünü odun, alovun içinə atan igidlərimizdən biri də 1987-ci ildə Ağcabədi şəhərində dünyaya göz açmış Həziyev Xəyal Fehruz oğludur. Sentyabrın 29-da müharibəyə gedən Xəyal ordumuz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatlarında yaxından iştirak edir, xüsusi fəallığı ilə seçilir. Dəfələrlə düşmən mühasirəsində qalan hərbçilərimizi dardan qurtarır, əsgərlərimizi ölümdən xilas edir. Yüksək döyüş qabiliyyətinə, ən sərrast atış bacarığına malik olan Xəyal düşmənin qəniminə, onun göz dağına çevrilir, sözün əsl mənasında yağıya qan uddurur.
Oktyabrın 15-də Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən şiddətli döyüşlərin birində cəsur döyüşçü şəhadətə ucalır, gözlərini əbədi olaraq yumur. Xəyal beləcə xəyala dönür, yaddaşlara köçür, ürəklərdə məskən salır.
Ölümündən sonra onun göstərdiyi igidliklər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dəyərləndirilir. Xəyal Həziyev “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.
Uşaq yaşlarında qaçdığı, oynadığı doğma küçə də indi Xəyalın adını daşıyır. Xəyal Həziyev küçəsi…
Oktyabrın 15-də Ağcabədi Qəhrəmanlar Parkında şəhidimizin anım mərasimi Vətənini sevən hər kəs tərəfindən böyük izdihamla keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri, doğmaları, Ağcabədi şəhər 4 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi. Mərasim iştirakçıları şəhidin məzarına gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, ruhuna dualar oxudular.
Çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusunun dədə-baba torpaqlarımız olan Qarabağda göstərdiyi misilsiz qəhrəmanlıqlardan, şərəfli döyüş yolu keçmiş Xəyal Həziyevin Vətən uğrunda tərəddüd etmədən canını fəda etməsindən, şəhidlik zirvəsinə ucalmasından danışdı, onun ailəsinə, doğmalarına başsağlığı verdi.
Daha sonra mərasim Qəhrəmanlar Parkında ucaldılmış abidə kompleksinin qarşısında davam etdi. Vaxtilə Xəyal Həziyevin özünün təhsil aldığı Ağcabədi şəhər 4 saylı tam orta məktəbinin şagirdləri şeirlər səsləndirdilər.