Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Vüsal Şükürovun anım mərasimində iştirak edib
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq canından keçən igid vətən oğlunun biri də Vüsal Zahir oğlu Şükürovdur.
Vüsal Şükürov 1995-ci ilin noyabrın 14-də Ağcabədi rayonunun Şahmallar kəndində anadan olub.Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb.Vüsal Şükürov iki bacının bir qardaşı olub.
Azərbaycan ordusunun əsgəri olan Vüsal Şükürov ərazi bütövlüyümüzün bərpası üçün başlanan vətən müharibəsində könüllü olaraq iştirak edib.
Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı, noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vüsal Şükürov ölümündən sonra ” Füzulinin azad olunmasına görə” ,” Qubadlının azad olunmasına görə” , ” Şuşanın azad olunmasına görə” , ” Vətən uğrunda” , ” Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Noyabrın 11-də Vüsal Şükürovun anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP -Ağcabədi Rayon Təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, RİH-nin başçısı aparatının məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər. Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazandığımız Zəfərdən, bu qələbədə igid Azərbaycan oğullarının misilsiz xidmətlərindən söz açdı.
Unudulmaz vətən oğlunun ruhuna dualar oxundu.