Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin anım mərasimində iştirak edib

24 oktyabr 2022 | 18:40

Tutaq ki, dünyada hər şeyin çoxdur,

Vətənin yoxdursa, heç nəyin yoxdur…

… Oğullar sinəsin verdi qabağa,

Qoymadı bir qəlpə düşə torpağa…

– bu amalı, bu əqidəni özünə şüar seçən, Vətən torpağına düşmən qəlpəsi düşməsin deyə sinəsini qabağa verən qəhrəmanlarımızdan biri də 1996-cı ildə rayonun Kəbirli kəndinə dünyaya göz açmış Qarayev Təhmasib Hikmət oğludur. 

   Hələ uşaq yaşlarında olarkən Təhmasib böyüyəndə  mütləq hərbçi olacağını deyir, əsgər gedəcəyi günü səbirsizliklə gözləyir. Böyüyür, orta məktəbi bitirir, Sumqayıt Dövlət Universitetinə daxil olur, ali təhsil alır.

   Müharibənin elə ilk saatında, ilk günündə – 27 Sentyabrda döyüşə atılan oğullarımızdan biri olur Təhmasib. Mahir kəşfiyyatçı, Azərbaycan Ordusunun çavuşu kimi həlledici döyüşlərdə yazından iştirak edir, 30 ilə yaxın işğalda olan yaşayış məntəqələrimizin, eyni zamanda strateji əhəmiyyətə malik bir çox yüksəkliklərin düşməndən azad olunması əməliyyatlarında böyük şücaətliklər göstərir. Cəsur döyüşçü Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində Ordumuzun əldə etdiyi böyük uğurlarda pay sahibi olur. 

   Oktyabrın 18-də Xocavənd rayonunun “Qırmızı bazar” qəsəbəsi yaxınlığında gedən şiddətli döyüşlərdə Təhmasib Vətən üçün, torpaq üçün canından keçərək şəhadətə ucalır, tariximizi qızıl hərflərlə yazan qəhrəmanlarımızdan birinə çevrilir. 

   Onun bu fədakarlığı, bu  şərəfli döyüş yolu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqətindən kənarda qalmır. Təhmasib Qarayev ölümündən sonra Cəbrayılın, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə”, həmçinin “Vətən uğrunda”, “İgidliyə görə” və “III dərəcəli Rəşadət Ordeni” ilə təltif edilir.

   Oktyabrın 23-də doğma Kəbirli kəndində şəhidin anım mərasimi böyük izdihamla keçirildi. Mərasimdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı, icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, media nümayəndələri, kənd sakinləri, Kəbirli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi. Mərasim iştirakçıları şəhid Təhmasib Qarayevin məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.

   Mərasimdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsinin ilk günlərindən son gününə qədər rəşadətli Ordumuzun düşmən üzərində əldə etdiyi parlaq qələbəsindən, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarından danışdı, xüsusi döyüş bacarığına malik olan kəşfiyyatçı Təhmasib Qarayevin keçdiyi döyüş yolundan söz açdı, şəhidin ailəsinə başsağlığı verdi.

   Anım mərasimi Kəbirli kənd tam orta məktəbinin hazırladığı anım tədbiri ilə davam etdi. Sonda məktəbli şagirdlər şeirlər səsləndirildilər. 

Keçidlər