Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Tariyel Salmanovun anım mərasimində iştirak edib

09 oktyabr 2022 | 14:33

Torpağı Vətən edən, onun ağır, çətin günlərində hayına, köməyinə yetən elə həmin yurdun oğullarıdır. Sinəsində ürək əvəzinə bütöv Vətən gəzdirən, 44 günlük haqq savaşımızda odun, alovun içinə atılan qəhrəmanlarımızdan biri də Ağcabədinin Kəhrizli kəndində dünyaya göz açmış Salmanov Tariyel Allahverdi oğlu idi.
“Tariyel həkim” – hamı onu belə tanıyırdı. İnsanların dostu, onu tanıyanların sevimlisi, hər kəsin əzizi…
Oktyabrın 8-də rayonun Kəhrizli kəndində şəhid həkimin anım mərasimi böyük izdihamla keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi, media nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və Kəhrizli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər. Mərasim iştirakçıları tərifindən şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.
Çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ordumuzun 30 ilə yaxın düşmən tapdağında olan doğma torpaqlarımızı azad etməsindən, eləcə də Tariyel Salmanovun keçdiyi şərəfli döyüş yolundan danışdı, şəhidin ailəsinə başsağlığı verdi.
Sonda Kəbrizli kənd tam orta məktəbin şagirdləri şeirlər səsləndirdilər.
Qeyd edək ki, 2020-ci ilin 29 sentyabrında müharibəyə yollanan Tariyel Salmanov Ordumuz tərəfindən həyata keçirilən hərbi əməliyyatlarda bir həkim olaraq yaxından iştirak edib, əsgərlərimizi dəfələrlə ölümün pəncəsindən alıb.
Oktyabrın 8-də Cəbrayıl rayonu uğrunda gedən şiddətli döyüşlərin birində yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən özü də ayağından yaralanıb, çoxlu qan itirib. İnsan həyatının keşikçisi, neçə insanı ölümdən xilas edən Tariyel həkim döyüş meydanında şəhidlik zirvəsinə ucalıb…
Ölümündən sonra onun bu fədakarlığı Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dəyərləndirib. Tariyel Salmanov “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib…

Keçidlər