Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şirnalı Talıbovun anım günü qeyd olundu

24 oktyabr 2022 | 18:35

Elin, obanın qeyrətini çəkən bütün Vətən oğulları kimi Nəcəfqulubəyli kəndinin  igidləri də silaha, bayarağa sarılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda daim döyüşlərə atılıb, onun hər qarışı üçün son damla qanlarına kimi döyüşüblər. Nəcəfqulubəyli kəndi də Vətən yolunda oğullar itirib, şəhidlər verib…

   1997-ci ildə bu kənddə dünyaya göz açan Talıbov Şirnalı Aqil oğlu da 44 günlük Vətən müharibəsində canından keçərək tarix yazan qəhrəmanlarımızdandır. Sentyabrın 29-da müharibəyə gedən Şirnalı Füzuli və Cəbrayıl rayonları, bu rayonların qəsəbə və kəndləri uğrunda gedən döyüşlərdə peşəkar döyüşçü kimi yaxından iştirak edir, azad olunan dədə-baba torpaqlarımıza üçrəngli bayrağımızı sancır. Qubadlıya qədər döyüş yolu keçən Şirnalı elə Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur, əbədiyyətə qovuşur. 

   Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilən döyüşçü Şirnalı Talıbov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və Qubadlının azad olunmasına görə”, eyni zamanda “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilir.

   “Şəhid Şirnalı Talıbov küçəsi”… Kəndin mərkəzindəki bu küçə də indi Şirnalının adını daşıyır.

   Oktyabrın 22-də doğma Nəcəfqulubəyli kəndində şəhidin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Xətai Zeynalov, icra hakimiyyətinin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri, kənd sakinləri, Nəcəfqulubəyli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi. 

   Mərasim iştirakçıları ilk öncə kəndin mərkəzində şəhidlərin xatirəsinə  inşa edilmiş abidə kompleksini ziyarət etdilər, qarşısına çiçəklər düzdülər. 

   Kənd qəbristanlığında şəhid Şirnalı Talıbovun məzarı üstə çıxış edən Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Xətai Zeynalov II Qarabağ müharibəsində Ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlarından söz açdı, Şirnalı Talıbovun şərəfli döyüş yolundan danışdı, onun ailəsinə, doğmalarına başsağlığı verdi.

   Şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu. 

   Nəcəfqulubəyli kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndirildilər.

Keçidlər