Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin anım mərasimində iştirak edib
Azərbaycanımızı azad görmək istəyən qəhrəmanlarımızdan biri də Rəhimli Ömər Rəşad oğludur.
Ömər Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun 5 aylıq əsgəri olan Ömər Rəhimli torpaqlarımızın azadlığı üçün başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərib. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda mərdliklə savaşıb.
Şuşa şəhərinin Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə fərqlənib. Noyabrın 9-da isə Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı yaralanıb.
Şəhidimiz noyabrın 22-də, 18 yaşında şəhidlik zirvəsinə ucalıb. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Noyabrın 22-də Ömər Rəhimlinin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.
Mərasimdə çıxış edən rayon rəhbəri Rafil Hüseynov Vətən müharibəsi zamanı qəhrəman Vətən oğullarının göstərdiyi şücaətdən söz açdı.
Ölməz Vətən oğlunun ruhuna dualar oxundu.