Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Mirağa Əliyevin anım mərasimində iştirak edib

30 sentyabr 2022 | 12:20

​44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarından biri də Ağcabədi rayon Xocavənd kəndindən Əliyev Mirağa Musa oğludur. Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olan Mirağa müharibənin elə ilk günündə, 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanır. Xüsusi döyüş qabiliyyəti və vətənpərvərliyi ilə seçilən kəşfiyyatçı Mirağa Əliyev bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətə malik yüksəkliklərin düşməndən azad olunması əməliyyatlarında fəal iştirak edir. Füzuli rayonu uğrunda gedən döyüşlərin birində yaralansa da silahdaşlarından geri qalmır, döyüşü tərk etmir. 2020-ci il sentyabrın 30-da, müharibənin 3-cü günündə kəşfiyyatçı Mirağa Əliyev Cəbrayılın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur. Cəsur döyüşçünün nəşi doğma Xocavənd kəndinə gətirilərək torpağa tapşırılır.

​Sentyabrın 30-da haqq savaşımızda qəhrəmancasına vuruşaraq şəhadətə ucalan Mirağanın anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, Xocavənd kənd sakinləri, şəhidin ailə üzvləri və Xocavənd kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

​Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından, Azərbaycan əsgərinin döyüş zamanı misilsiz şücaətindən danışdı. Şəhidin ailə üzvlərinə başsağlığı verdi. 

​Ardınca şəhidin ruhuna dualar oxundu. Məktəbli uşaqlar şeirlər səsləndirdilər. Qeyd edək ki, Mirağa Əliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Keçidlər