Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi İntiqam Hacıyevin anım mərasimində iştirak edib
44 günlük Vətən müharibəsində xalqımızın igid, qeyrətli oğulları gözlərini qırpmadan döyüşlərə atıldılar, sinələrini düşmən gülləsi qarşısında sipər etdilər. Oğullar itirdik, şəhidlər verdik. Belə cəsur igidlərimizdən biri də 1998-ci ildə rayonun Minaxorlu kəndində dünyaya göz açmış Hacıyev İntiqam Eynullah oğludur. İntiqam 27 Sentyabrda, müharibənin elə ilk günündə könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılır. 30 ilə yaxın düşmən tapdağında olan kənd və qəsəbələrimizin, strateji əhəmiyyətə malik olan adsız yüksəkliklərin azad olunması əməliyyatlarında yaxından iştirak edir, yüksək döyüş qabiliyyətinə görə seçilir, fərqlənir. İntiqam Hacıyev dəfələrlə döyüş meydanında şəhidlərimizin intiqamını artıqlaması ilə alır, düşmənə əsl cəhənnəm yaşadır. Müharibənin 18-ci günü, oktyabrın 14-ü cəsur döyüşçü Xocavənd rayonunun azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olur. Onun xatirəsi indi ürəklərdə, qəlblərdə yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən İntiqam Hacıyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
14 Oktyabrda qəhrəmanımızın doğma kəndi olan Minaxorluda anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, media nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri, Minaxorlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi. Mərasim iştirakçıları İntiqam Hacıyevin məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.
Çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ali Baş Komandanın əmri ilə Qarabağ torpaqlarında uğurlu əks-hücum əməliyyatları keçirən Ordumuzun möhtəşəm qələbəsindən, eləcə də İntiqam Hacıyevin keçdiyi şərəfli döyüş yolundan danışdı, şəhidin ailəsinə başsağlı verdi.
Sonda vaxtilə İntiqamın təhsil aldığı Minaxorlu kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndirdilər.