Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Fəryad Xəlilovun anım mərasimində iştirak edib
Yurdumuzun azadlığı üçün canından keçən qəhrəmanımızın biri də Xəlilov Fəryaddır.
Fəryad Xəlilov 1999-cu ilin noyabrın 1-də Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. Hüsülü kənd tam orta məktəbində təhsil alıb. Daha sonra həmən kəndin musiqi məktəbinin piano şöbəsində musiqi təhsili alıb.
Azərbaycan Ordusunun əsgəri olan Fəryad Vətən müharibəsi zamanı qəhrəmancasına savaşıb. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub və Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub.
Oktyabrın 27-də şəhidimizin anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı, millət vəkili Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri Rafil Hüseynov 44 günlük Vətən müharibəsində ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlardan söz açdı.
Vətən oğlunun ruhuna dualar oxundu.
Qeyd edək ki, Fəryad Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinn Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.