Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Fərid Fərəcovun anım mərasimində iştirak edib

21 oktyabr 2022 | 11:48

​Torpağı vətənləşdirən, onun uğrunda ölən bir qəhrəmanımız da var. 1998-ci ilin noyabrın 11-də Ağcabədinin Muğanlı kəndində dünyaya göz açmış Fərəcov Fərid Yaşar oğlu – igid Fərid, cəsur Fərid, topçu Fərid…

​27 sentyabrda, müharibənin elə ilk saatlarından əks-hücum əməliyyatlarında fəal iştirak edən Fərid Fərəcov bir topçu kimi ən sərrast atışlarla düşmənə göz açmağa aman vermir, onun qəniminə çevrilir. 30 ildir torpaqlarımıza soxulmuş erməni qəsbkarlarına əsl cəhənnəm yaşadır. Ürəyinə, qəlbinə hakim kəsilmiş Vətən sevgisi, vətən qeyrəti onu döyüşlərdən-döyüşlərə aparır. Fərid işğaldan azad edilən doğma dədə-baba torpaqlarımıza üçrəngli bayrağımızı sancan igidlərimizdən olur, seçilir, fərqlənir…

​Oktyabrın 20-də Füzuli rayonunun ətraf kəndləri uğrunda gedən şiddətli döyüşlərdə topçu Fərid döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olur, gözlərini əbədi olaraq yumur…

​Ölümündən sonra Fərid Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilir. 

​Fəridsiz keçən iki il…

​20 oktyabrda doğma Muğanlı kəndində şəhidimizin anım mərasimi böyük izdihamla keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, kənd sakinləri, Muğanlı və Təzəkənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak edirdi.

​Mərasim iştirakçıları cəsur topçunun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular. Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Ordusunun işğalda olan şəhər və rayonlarımızı, qəsəbə və kəndlərimizi cəmi 44 gündə azad etməsindən, odumuzun şücaətindən, eyni zamanda Fərid Fərəcovun keçdiyi şərəfli döyüş yollarından danışdı, şəhid ailəsinə, onun doğmalarına başsağlığı verdi. 

​Sonda Muğanlı və Təzəkənd kənd tam orta məktəblərinin şagirdləri şeirlər səsləndirdilər.

Keçidlər