Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əliyev Dəyanətin anım mərasimində iştirak edib
Hacıbədəlli kəndinin igidləri… Vətən uğrunda canından keçən şəhidlər… Tariximizi qızıl hərflərlə yazan şəhidlər…
Hacıbədəlli kəndinin şəhidləri… Say-seçmə, şirbiləkli, şirürəkli oğullar… İkinci Qarabağ müharibəsində düşmənə qan udduran son anda ölümə meydan oxuyan tankçı Dəyanət Əliyev də bu qəhrəmanların sırasındadır.
1982-ci ildə bu kənddə dünyaya göz açmış Dəyanət Əliyev 44 günlük haqq savaşımızda torpaqlarımızın azadlığı üçün odun, alovun içinə atılan fədailərimizdən olub. Azərbaycan Ordusunun giziri olan cəsur döyüşçü hələ 2015-ci ildə tank komandiri kursunu uğurla başa vurur. Əzmkarlığı, dəqiqliyi, döyüş hazırlığında göstərdiyi peşəkarlığı ilə həmişə seçilir. Buna görə də o, dəfələrlə komandanlıq tərəfindən Fəxri fərmanlarla, Silahlı Qüvvələrimizin “95 illik yubileyi” medalı, “100 illik yubiley” medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla mükafatlandırılır. 2016-cı ilin aprel döyüşlərində əldə etdiyimiz böyük uğurlarda xüsusi əməyi olur.
Vətən müharibəsində Dəyanət Əliyev əks-hücum əməliyyatlarında fəal iştirak edir, işğaldan azad etdiyi dədə-baba torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırır.
Oktyabrın 24-ü Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən şiddətli döyüşlərin birində yaralanmış tankçı silahdaşlarını döyüş meydanından çıxararkən Dəyanət Əliyev şəhid olur, ürəklərə köçür, yaddaşlarda yuva qurur. İgid tankçı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilir.
Bu gün Dəyanətin iki gözəl yadigarı Aynişan və Ayxan vətənpərvər ruhda böyüyən balalardır.
Oktyabrın 24-də Ağcabədi Qəhrəmanlar Parkında şəhidin 2-ci anım mərasimi keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak edirdi. İştirakçılar şəhidimizin məzarını ziyarət etdilər, onun ruhuna dualar oxudular.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov cəsur tankçı Dəyanət Əliyevin keçdiyi şərəfli döyüş yolundan danışdı, şəhidin ailəsinə başsağlığı verdi.
Qeyd edək ki, Hacıbədəlli kəndinin mərkəzində yerləşən keçələrdən biri elə cəsur döyüşçünün adını daşıyır.