Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Abışov Əmrahın anım mərasimində iştirak edib

30 oktyabr 2022 | 16:11

   II Qarabağ müharibəsinin başladığı ilk gündən Ordumuz tərəfindən həyata keçirilən uğurlu  əməliyyatlarda yaxından iştirak edən iştirak edən oğullarımızdan biri də Abışov Əmrah Səyyab oğludur.

   Əmrah Abışov 1999-cu ildə rayonun Kürdlər kəndində dünyaya göz açmışdır. Azərbaycan Silahlı Qüvvələrin tərkibində müddətdən artıq hərbi xidmət edən peşakar hərbçi ilk döyüşlərdəcə xüsusi döyüş bacarığı ilə seçilir, fərqlənir. 30 ilə yaxın düşmən tapdağında olan doğma torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşlərdə düşmənən amansız zərbələr vurur. 

   Əmrah oktyabrın 14-də Füzuli rayonunun Qaraxanbəyli kəndində gedən döyüşlərdə hərbi tapşırıqları yerinə yetirərkən qəhrəmancasına həlak olub.

   Cəsur döyüşçünün nəşi təhlükəli ərazidə qaldığı üçün onu həmin yerdən çıxarmaq elə də asan olmayıb. Yalnız günlər sonra Ordumuz bu əraziləri düşməndən tamamilə təmizlədikdən sonra Əmrah Abışovun nəşini həmin ərazidən çıxarmaq  mümkün olub. 

   Onun keçdiyi şərəfli döyüş yolu dövlətimiz  tərəfindən yüksək dəyərləndirilib. Əmrah Abışov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə  ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

   Oktyabrın 30-da Ağcabədi Qəhrəmanlar Parkında şəhidin anım mərasimi qeyd olunub. Mərasimdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, Kürdlər kənd tam orta məktəbinin müəllim və şagirdləri, media mənsubları iştirak ediblər. 

   Anım mərasimində iştirak edənlər şəhidin məzarı üzərinə çiçəklər düzərək onun xatirəsini ehtiramla yad edib,, ruhuna dualar oxuyublar. 

   Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdi misilsiz qəhrəmanlıqlardan, cəmi 44 gün ərzində işğal altında olan şəhər və rayonlarımızın,  qəsəbə və kəndlərimizin erməni işğalçılarından təmizlənməsindən danışıb, şəhidin ailəsinə, onun doğmalarına başsağlığı verib. 

   Kürdlər kənd orta məktəbinin şagirdləri Əmrah Abışovun məzarı başında şeirlər səsləndiriblər.

Keçidlər