Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Yeni Qaradolaq kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Sakinlərin müraciətlərini yerində dinləmək və mövcud problemlərin operativ həllini təmin etmək məqsədilə təşkil olunan qəbulda aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər. Görüşdən əvvəl iştirakçılara icra hakimiyyətinə elektron müraciət qaydalarını əks etdirən təlimat videosu təqdim olunub, həmçinin əlaqə vasitələri barədə məlumat verilib.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbulların vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynadığını qeyd edib, eyni zamanda rəqəmsal müraciət imkanlarının dövlət-vətəndaş münasibətlərinin daha da səmərəli təşkilinə xidmət etdiyini vurğulayıb.
Daha sonra kənd sakinləri müraciətlərini səsləndiriblər.
Müraciətlər əsasən fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi, kənd yolunun təmiri, məktəb binasının təmiri, su mühafizə zolağında quraşdırılmış dirəklərin yaratdığı çətinliklər və torpaq məsələləri ilə bağlı olub.
Qaldırılan məsələlər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. Bildirilib ki, kənd yolunun əsaslı təmiri üçün vəsait ayrılıb və yaxın vaxtlarda işlərə başlanılacaq. Su mühafizə zolağındakı dirəklərlə bağlı problemin araşdırılması və aradan qaldırılması, eləcə də məktəbin cari təmirinin nəzərdə tutulması məqsədilə müvafiq tapşırıqlar verilib.
Görüş zamanı sakinlər kənddaxili yolların abadlaşdırılmasına görə bələdiyyəyə, suvarma şəraitinin yaxşılaşdırılmasına görə isə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qəbulda səsləndirilən bütün müraciətlər qeydiyyata alınıb, icrası vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.






