Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Xocavənd kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
04 mart 2026 | 17:54
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Xocavənd kəndində keçirilib. Qəbuldan öncə görüşün təşkil olunduğu məktəbin həyətində milli qəhrəman, Qarabağ müharibəsi şəhidi Sadıq Hüseynovun büstü ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Qəbul iştirakçılarına əvvəlcə Azərbaycanın dövlət qurumlarının rəsmi internet resursu çərçivəsində fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” portalı ilə bağlı təlimat videosu nümayiş etdirilib. Video vasitəsilə vətəndaşların qəbula yazılması, müraciətlərin və təkliflərin sistem üzrə verilməsi, müraciətlərin izlənilməsi və digər imkanlardan istifadə edə bilməsi qaydaları izah olunub.
Bundan əlavə, qəbul iştirakçıları rayon icra hakimiyyətində fəaliyyət göstərən Müraciətlərə Operativ Baxılma Mərkəzi , o cümlədən qaynar xətt haqqında ətraflı məlumatlandırılıblar.
Görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov, qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik edib. Daha sonra o, dövlətimizin apardığı siyasət, beynəlxalq əlaqələr və rayonda pambıqçılığın inkişafı barədə danışıb. İcra başçısı pambığın digər bitkilərlə müqayisədə daha əlverişli və gəlirli olduğunu xüsusi qeyd edib.Bildirilib ki, pambıq beynəlxalq bazarda yüksək tələbata malikdir və ölkəyə xarici valyuta gətirən əsas məhsullardan biridir. Həmçinin pambıqçılıq çox sayda insanın işlə təmin olunmasına şərait yaradır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlərdə mövcud artezian quyusunun nasosunun olmaması, kənd ərazisində 10 kV-luq elektrik xətlərinin hədsiz calaqlar ucbatından təhlükə yaratması, içməli su ilə bağlı çətinliklər, qaz çəkilişindən sonra qazılmış çalaların bağlanmaması, kənddə zibilliyin çoxalması, tullantıların mütəmadi daşınmaması, kənd sakininin evinin dam örtüyününün vurulmasına köməklik göstərilməsi və digər sosial məsələlər qabardılaraq köməklik göstərilməsi xahiş olunub.
İcra başçısı bütün müraciətləri diqqətlə dinləyib, hər bir məsələ ilə bağlı münasibət bildirib. Problemlərin həlli aidiyyəti qurumlara yönləndirilib, rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib, bəzi məsələlərlə bağlı isə imkan daxilində köməklik göstəriləcəyi qeyd olunub.






