Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Təzəkənd kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Fevralın 25-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu Təzəkənd kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və müəssisələrin rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə iştirakçılara Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciətlərin qəbulu mexanizmini əks etdirən videoçarx nümayiş olunub. Çıxış edən rayon rəhbəri Rafil Hüseynov vətəndaş müraciətlərinin operativ həlli istiqamətində tətbiq edilən yeniliklərdən danışıb. O bildirib ki, Ağcabədi Rayon İcra Hakimiyyətində Qaynar xətt və Müraciətlərə Operativ Baxılma Mərkəzi fəaliyyət göstərir. Müasir dövrün tələblərinə uyğun olaraq, süni intellekt imkanlarından və rih.gov.az portalından istifadə edilməsi vətəndaş müraciətlərinin vaxtında cavablandırılmasında mükəmməlliyi təmin edir.
İcra başçısı çıxışında həmçinin din adından istifadə edilərək israfçılığa gətirib çıxaran adətlərə toxunub. O, yas məclislərində dəbdəbəli ehsan süfrələrinin, o cümlədən bahalı başdaşlarının qoyulmasının qarşısının alınması barədə kənd sakinlərinə çağırış edib. Qeyd olunub ki, rayonun bir neçə kəndində artıq bu ənənələr sadələşdirilib və Təzəkənd sakinlərinin də bu müsbət təşəbbüsə qoşulması çox yaxşı olar.
Görüşdə kənd sakinləri tərəfindən bir sıra aktual məsələlər qaldırılıb. Belə ki, bələdiyyə torpaqlarının 90 illik icarəyə verilməsi səbəbindən pambıq əkini və yeni iş yerlərinin açılmasında yaranan maneələr, su kanallarının zibillənməsi, buraya çirkab sularının axıdılması və suvarma suyu çatışmazlığı, yeni uşaq bağçasının tikilməsi zərurəti, mövcud bağçanın isə işıq borcuna görə enerjisiz qalması, kənddə kabelləşmə işlərinin yarımçıq olması və digər məsələlər diqqətə çatdırılıb.
Müraciətləri fərdi şəkildə dinləyən Rafil Hüseynov bildirib ki, bələdiyyə torpaqlarının uzunmüddətli icarə müqavilələrinə yenidən baxılacaq və bu torpaqlar bələdiyyənin özü tərəfindən istifadə edilərək əldə olunan gəlir kəndin abadlaşdırılması işlərinə yönəldiləcəkdir. Kanalların təmizliyinə nəzarət olunması və ekoloji problemlərin həlli üçün İcra Hakimiyyəti, Bələdiyyə və Ekologiya İdarəsinin nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq, lazımi tədbirlər görüləcəkdir. Kabelləşmə ilə bağlı məsələyə münasibətdə isə bildirilib ki, bu problem öncəki layihənin bitməsi ilə bağlıdır, gələcəkdə yeni layihə çərçivəsində yarımçıq qalan işlər yekunlaşdırılacaqdır.
Görüşün sonunda rayon rəhbəri qaldırılan hər bir məsələnin ciddi nəzarətə götürüldüyünü və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.






