Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Taynaq kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Taynaq kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda hüquq mühafizə orqanlarının, rayon icra hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və məsul şəxsləri, media nümayəndələri iştirak ediblər.
Öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, çıxışında ölkəmizdə həyata keçirilən bir çox işlərdən danışıb, o cümlədən artıq yekunlaşan COP- 29 tədbirlərinin əhəmiyyətindən, bu tədbirin həyata keçirilməsinin nə qədər məsuliyyətli iş olduğundan söz açıb. İcra başçısı həmçinin hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, qarşıda duran işlərlə də bağlı ətraflı məlumat verib. Lakin bu işlərin çoxluğuna və ağırlığına baxmayaraq, vətəndaşları narahat edən digər məsələlərin də daim diqqətdə saxlandığını, yerlərdə qəbulların davamlı keçirildiyini bildirən Rafil Hüseynov sözü kənd sakinlərinə verib.
Müraciətlər müxtəlif səpgili olub. Burada subartezian quyularının vurulması, kənd ərazisində bankomatın quraşdırılması, kənd kitabxanasına şəhid adı verilməsi,vətən müharibəsində yaralanan, hazırda səhhətində ciddi problemlər olan vətəndaşın maddi sıxıntı ilə bağlı müalicəsini davam etdirə bilməməsi, şəkərli diabetdən əziyyət çəkən daha bir vətəndaşın xəstəxanadan dərmanlarını vaxtlı-vaxtında almaqda yaşadığı çətinlik və digər məsələlər diqqətə çatdırılaraq köməklik göstərilməsi xahiş olunub.
Hər bir məsələ ayrıca müzakirə olunub, aidiyyəti təşkilatların nümayəndələrinin fikirləri öyrənilib, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər də diqqətdən kənarda qalmayıb, vətəndaşların düzgün istiqamətlənməsi üçün lazımi tövsiyələr verilib.