Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Yuxarı Qiyaməddinli kəndində keçirilib

19 oktyabr 2023 | 18:35

Rayon, qəsəbə və kəndlərdə sakinlərin mövcud  çətinliklərinin öyrənilərək aradan qaldırılması və onların həlli üçün  müvafiq istiqamətlərin verilməsi məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbul qrafikinə  uyğun olaraq hər həftə səyyar görüşlər keçirir. Budəfəki  səyyar qəbul rayonun Yuxarı Qiyaməddinli kəndində Milli Qəhrəman Alı Mustafayevin adını daşıyan tam orta məktəbdə təşkil olunub.

Keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və mətbuat nümayəndələri iştirak ediblər.

İcra başçısı qəbul iştirakçılarını  salamlayaraq  çıxışını məruzə ilə davam etdirib. O, Vətən müharibəsində qazanılan  tarixi zəfər haqqında, Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, eləcə də bu ilin sentyabr ayında  aparılan uğurlu antiterror tədbirləri nəticəsində  Xankəndi şəhərinin və başqa yaşayış məntəqələrimizin düşmən əsarətindən  azad edilməsindən söz açıb.  Rayon rəhbəri bununla yanaşı  işğaldan azad olunan torpaqlarımızda heç bir ölkənin   əlavə vəsaiti daxil  olmadan və  öz büdcəmiz hesabına   həyata keçirilən  geniş  abadlıq-quruculuq işlərindən də danışıb.  Çıxışdan sonra qəbul iştirakçılarının problemləri dinlənilib.

Yuxarı Qiyaməddinli kənd sakinlərindən Cəmil Şirinov  müraciətində kənd ərazisində işıqlanma transformatorların mühafizə olunmaması, ətrafının açıq və təhlükəli olması, o cümlədən kənddaxili yolun təmirinə ehtiyac yarandığını, Vətən müharibəsi iştirakçısı Elmir Cəfərov müraciətində özünəməşğulluq proqramının  xətti ilə təkər təmiri sexinin açılması barədə Qarabağ Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət etdiyini, lakin hələ də ona bir köməklik olunmadığı, Tofiq Qasımov müraciətində oğlunun ali təhsilli olduğunu bildirərək,   ixtisasına uyğun işlə təmin olunması, Yusif Mamedov pay torpaqlarının ərazisindən keçən işıq xətlərinin qırıldığını və bərbad vəziyyətdə olduğunu, Pərviz Qurbanov həkim məntəqəsində həkimin olmadığını, eləcə də pay torpaq sahələrinə xidmət edən artezianın təmirə söküldüyünü, lakin təmir olunmadığını, Ədalət Məmmədov supulu ödəmələrinə baxmayaraq, subartezianın su nasosunun  yandığını və müraciətlərinə baxılmadığını, Koroğlu Cəfərov   özünəməşğulluq proqramının xətti ilə iribuynuzlu heyvan alması üçün Qarabağ Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət etdiyini, qeydiyyatda olduğunu, təlimlərdə iştirak etdiyini, lakin hələ də köməklik göstərilmədiyini diqqətə çatdıraraq müəyyən dəstəyin göstərilməsini xahiş ediblər.

Edilən müraciətləri  həssaslıqla dinləyən rayon rəhbəri problemlərin müfaviq vaxtda operativ həlli üçün aidiyyəti qurumlara öz tapşırıqlarını verib.

Keçidlər